"Azərbaycanda əhalinin azı 95 faizi icbari tibbi sığorta ilə tam əhatə olunacaq". Yerli saytların məlumatına görə, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.
Nazirin sözlərinə görə, dəyişikliklər cəmiyyətə yanlış təqdim edilir: "Biz göstəririk ki, bəlli bir kateqoriya insanların hamısı - uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlətin hesabına sığortalanacaq. Nəyə görə bu, tam əksinə qeyd olunur ki, işsizlər sığortalanmayacaq?".
Onun vurğulamasına görə, əlavə olaraq təqribən 2 milyon insan da muzdlu əmək müqaviləsi ilə çalışır, onların da sığortasını əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən qarşılayır: "Yəni, minimum əhalinin 95 faizi sığorta zərfi ilə tam şəkildə əhatə olunacaq".
İqtisadçı: Heç 80 faiz etmir
Nazirin səsləndirdiyi bəzi rəqəmlər cəmiyyətdə şübhələrə səbəb olub. İqtisadçı Rövşən Ağayev Facebook-da yazır ki, nazirin dediyinə görə, 2026-ci ildə dövlət büdcəsindən ayrılacaq 900 milyon manat 7.3-7.5 milyon insanı əhatə edəcək.
Amma onun vurğulamasına görə, rəsmi mənbələr uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, işsizlər, dövlətdən müavinət alan yoxsul vətəndaşların sayının maksimum 4.7 milyon nəfər ola biləcəyini göstərir: "Amma nazir 7.3-7.5 milyon nəfər olduqlarını deyir... İkincisi, nazir deyir ki, 2 milyon nəfər muzdlu əmək müqaviləsi əsasında çalışır. Halbuki rəsmi statistika onların sayının 1.8 milyon nəfərdən də az olduğunu göstərir".
İqtisadçı xatırladır ki, Azərbaycanda məşğulluq statistikası azı 2.5 milyon şəxsin qeyri-formal məşğul olduğunu aşkar göstərir. Onun fikrincə, statistikalar nəinki 95, hətta 80 faizin belə tibbi sığortadan yararlana biləcəyini şübhə altına alır.
Xatırlatma
Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsi layihəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitdə əvvəlki illə müqayisədə azalma var. 2026-cı ildə büdcə layihəsində sözügedən istiqamətə 900 milyon manatın ayrılması nəzərdə tutulub. Bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat azdır.
Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 26 il əvvəl qəbul edilib. Ancaq yalnız 2021-ci ilin aprelindən bütün ölkədə tətbiq edilməyə başlanıb.