Keçid linkləri

2025, 05 Dekabr, cümə, Bakı vaxtı 06:14

İtaliyada yazıçılar kitab yarmarkasında 'faşizmin reabilitasiyası'nı pisləyirlər


İtaliya kralı III Viktor Emmanuil və İtaliya faşist diktatoru Benito Mussolini Naməlum Əsgərin Məzarı önündə. 1938
İtaliya kralı III Viktor Emmanuil və İtaliya faşist diktatoru Benito Mussolini Naməlum Əsgərin Məzarı önündə. 1938

İtaliyada onlarla yazıçı tələb edir ki, 20-ci əsr faşizminin tərənnüm olunduğu kitablar buraxan nəşriyyat Romada nüfuzlu kitab yarmarkasına buraxılmasın. Tənqidçilər ölkədə ifrat sağçı ideyaların adiləşdiyini deyirlər.

"The Financial Times" azı 80 yazıçının yarmarkanın təşkilatçısı olan İtaliya Naşirlər Assosiasiyasına müraciət etdiyini yazır. Onlar tədbirdə ifrat-sağçı baxışlı nəşriyyata niyə stend ayrıldığını sual edirlər.

Narahatlığını dilə gətirənlər arasında faşist diktatoru Benito Mussolini barədə tarixi roman müəllifi Antonio Skurati də var.

Florensiyada yerləşən "Passaggio al Bosco" nəşriyyatı 2017-ci ildə təsis olunub, indiyədək tarixi faşist şəxslər barədə 300-dək kitab çap edib.

İtaliya Naşirlər Assosiasiyasının prezidenti İnnoçentso Çipolletta isə yarmarkada bu nəşriyyata yer ayrılması qərarını müdafiə edib, deyib ki, stendlər yeni iştirakçılardan tez gələnlərə verilib. Üstəlik, qurumun nəşriyyatları redaksiya siyasətinə əsasən seçmədiyini əlavə edib. Belə ki, sözügedən nəşriyyat da İtaliyanın antifaşist konstitusiyasına sədaqətlə bağlı kontrakt imzalayıb.

Tənqidçilərin fikrincə, bu və daha iki ifrat-sağçı nəşriyyatın yarmarkaya buraxılması İtaliyada faşizmin reabilitasiyasının tərkib hissəsidir, Corca Meloninin neofaşist köklü "İtaliya Qardaşları" partiyası hakimiyyətə gələndən sonra sürətlənib.

Bəzi tanınmış yazıçılar etiraz əlaməti olaraq yarmarkada iştirak etməyəcəklər.

Yarmarka 4-8 dekabr tarixlərində keçirilir.

XS
SM
MD
LG