2022-ci ilin sentyabrında Məhsa Əmininin polis nəzarətində ölümündən sonra İran küçələrində "Qadınlar, Həyat, Azadlıq" adlı yeni himn yarandı. Əmini guya hicabı düzgün bağlamadığına görə saxlanmışdı.
Himn ilk dəfə Əmininin doğma şəhəri Saqqızda səsləndi, ölkəyə sürətlə yayılaraq bir manifestə və etiraz nəğməsinə çevrildi, kollektiv kədər və müqaviməti gücləndirdi.
Belə bir dönəmdə Tumac Salehi, Şərvin Hacıpur, Saman Yasin kimi musiqiçilər etiraz hərəkatının nüfuzlu səslərinə çevrildilər. Bu musiqiçilərin işi təkcə etirazları müşayiət etmədi, həm də onları hakimiyyəti qorxudan səviyyəyə qaldırdı.
Repressiyadan ikonik şəxsiyyətlər yaranır
Yasin hakimiyyətin təzyiqlərindən sonra siyasi fəal kimi ad çıxardı. AzadlıqRadiosunun jurnalistləri Məhəmməd Zərqami və Kian Şərifi yazırlar ki, bu tendensiya repressiyaların ikonik şəxsiyyətləri yetişdirdiyini göstərir.
Saba Zamaninin "Dinindən cana gəldim" etiraz mahnısı sadəliyi və radikal tərzi ilə məşhurlaşıb.
Amma hər şeyin bir bədəli var, azadlıq himnlərinin də.
Hakimiyyət musiqiçiləri hədəfə almağa başladı. Tehranda yaşayan incəsənət reportyoru Məzdək Əli-Müntəzəri AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) deyib: "Bu mahnıların təsiri olmasaydı, onları oxuyanlar həbsxanada olmazdılar".
Repressiya isə təkcə kişi deyil, qadın müğənniləri də əhatələyib.
Etirazlardan öncə sosioloji mövzuda albom buraxmış pop-klassik musiqiçi Haman Vafri sənətçilərin üzləşdiyi yeni risklərdən danışır. O deyir ki, təzyiqlər onları bir sual qarşısında qoyur: "İncəsənətin bədəli çoxmu ağırdır? Geri çəkilim, yoxsa riski qəbul edərək cəmiyyətə nə baş verdiyini danışım?".
Bütöv bir nəsil mahnı yazıb paylaşır
Amma repressiya həm də etirazlarda musiqinin rolunu yüksəldib.
Vafri musiqidə dramatik dəyişikliyi qeyd edir: "Musiqi rok və rep kimi daha kəskin və enerjili janrlara yönəlib. Repə qulaq asan və öz mahnılarını yazaraq onlayn paylaşan bütöv bir nəsil peyda olub. Sosial medianın mövcudluğu da əsas məsələdir".
Rəqəmsal mühit etiraz musiqisini asanlıqla sıradan çıxara bilmir, çünki onlayn paylaşılan mahnılar sürətlə milyonlara çatır və İran hökumətinin senzura səylərini çətinləşdirir.
Texas Universitetində Media və Yaxın Şərq Tədqiqatları kafedrasının dosenti Nahid Siamdust bunu onlayn məkanla bağlayır. İranda musiqi siyasəti haqqında kitab yazan Siamdust "Radio Fərda"ya deyib: "Əksər gənc iranlılar hər gün sosial mediada olurlar və hökumətə məxsus olmayan sosial məkan yaradırlar. İslam Respublikasının rəsmi hüdudlarından kənar diskurslar bu mahnılarda normaya çevrilib".
2009-cu ilin "Yaşıl hərəkat" dönəmində isə 1979-cu ilə aid "Meşənin günəşini qoruyanlar" mahnısının remiksi yayılmışdı.
Vafri deyir ki, əvvəllər etiraz musiqisi "daha yumşaq, daha melodik olurdu, çox vaxt xalq ənənələrindən qaynaqlanırdı. Onların əsasını ümid, birlik və müqavimət hissləri təşkil edirdi". Bu gün isə "dövlətin zorakı reaksiyası etiraz mahnılarının strukturunu dəyişib".