Çukotkada Rusiya Arktikasının ən böyük özəl layihəsi – nəhəng mis kombinatı tikilir. AzadlıqRadiosunun "Sistema" araşdırma layihəsi bu kombinatın arxasında Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin adamının ola biləcəyini üzə çıxarıb. Söhbət milyarder Vladimir Kimə aid strukturlar və menecerlərdən gedir. Kim isə bir vaxtlar Nazarbayevin etibarlı adamı, "pul kisəsi" kimi ad çıxarıb.
2018-ci ildə prezident Vladimir Putin Çukotkada dəyəri 1 trilyon rubldan (14 milyard dollar) çox olan mədən-emal kombinatının tikintisinin əsasını qoyub. Elə Nazarbayev də Putinin köhnə dostu sayılır.
Kombinat dünyanın ən böyük yataqlarından biri - Baim mis yatağında inşa olunur. Tikinti 46 obyektdən ibarətdir; buraya üzən AES, liman və 400 kilometrlik yol daxildir. Ümumi investisiya məbləği 1.1 trilyon rubldur və bu, Rusiya Arktikasında ən böyük özəl layihədir. Layihənin Rusiyada mis hasilatını 25, qızıl hasilatını isə 4 faiz artıracağı planlaşdırılır.
Tikintinin formal sahibi və əsl sahibi
Layihə daha öncə Roman Abramoviç və tərəfdaşlarına məxsus olub. 2018-ci ildə Qazaxıstanın mis hasilatı üzrə nəhəng şirkəti "KAZ Minerals" onu satın alıb. Ukraynada tammiqyaslı müharibə başlayandan sonra Baim layihəsi ABŞ sanksiyalarına məruz qalıb və səhmdarları haqda məlumat açıqlamayan qapalı investisiya fondunun nəzarətinə keçib.
"Sistema" layihənin hələ də "KAZ Minerals"ın əsas səhmdarı olan V.Kimlə əlaqəlisini üzə çıxarıb. Kim Qazaxıstanın milyarderi olub, ölkənin ilk prezidenti Nazarbayevin etibarlı adamı, hətta "pul kisəsi" kimi tanınıb. Kim 2005-ci il seçkilərində Nazarbayevin seçki qərargahında yer alıb, şirkətlərinin Nazarbayevin və qohumlarının fondlarını maliyyələşdirdiyi, hətta Nazarbayev üçün təyyarələr aldığı iddia olunub. Şirkətlər bunu təkzib edib.
"Sistema" araşdırmanı layihəyə qatılan menecerlərin bioqrafiyalarını öyrənməklə aparıb. 2024-cü ildə Qazaxıstan vətəndaşı Yelena Raskoşnaya Baim holdinqinin rəhbərliyinə gətirilib. O, holdinqə sahib şirkətlərin də baş direktoru olub. Təyinat vaxtı Raskoşnaya "2Kom", "Tsifra Odin", "Setel" telekommunikasiya şirkətlərində baş direktorun müavini idi. Bu şirkətlər isə V.Kimə məxsus "Almatel" qrupuna daxil idi.
Baim layihəsini idarə edən şirkətin baş direktoru isə 2022-ci ildə şirkət yaradılandan heç dəyişməyib. Bu vəzifəni Georgi Fotin tutur. O, əvvəllər Moskvadakı "Kaz Minerals" MMC-yə rəhbərlik edib. Fotin əvvəllər Baim layihəsinə nəzarət edən vitse-premyer Yuri Trutnevin tabeliyində çalışıb. Fotin həmçinin Çukotkadakı tikintini idarə edən "Veqa Razvitiye" şirkətinə rəhbərlik edir. "Veqa Razvitiye" Dubayda qeydiyyatdan keçmiş "Nord Rim DMCC"yə məxsusdur; bu şirkət Vladimir Kimə məxsus Qazaxıstan bankı ilə əlaqəli strukturlar arasındadır.
İmtiyazlar, investisiyalar
Layihə Rusiya hökumətinin imtiyazlarından faydalanır. İlk beş il üçün əmlak, mənfəət və torpaq vergilərindən azad olunur. VEB dövlət korporasiyası layihəyə təxminən 1 trilyon rubl (12,9 milyard dollar) investisiya qoymağı planlaşdırır, "Rosatom" dövlət korporasiyası isə üzən AES tikir.
V.Kimin yaxın olduğu N.Nazarbayev 2022-ci ilin əvvəlində Qazaxıstanda etirazlardan sonra siyasətdən gedib. Amma o, tez-tez V.Putinlə görüşür. Sonuncu dəfə 2025-ci ilin mayında Kremldə görüşüblər. Nazarbayevin təmsilçisi deyib ki, bu görüş qeyri-rəsmi xarakter daşıyıb, onları "illərin dostluq münasibətləri" birləşdirir.
"Sistema"nın sorğusuna nə Nazarbayevin təmsilçisi, nə keçmiş prezidentin fondu, nə "KAZ Minerals", Kimə məxsus bank, Baim kombinatı və onunla əlaqəli "Ruskapital" idarəedici şirkəti cavab verib.