Ukraynada Rusiya bombardmanından tələm-tələsik evakuasiya olunan kimsəsiz uşaqlar Türkiyənin kurort şəhərində nəzarətsiz qalıblarmış. Jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP dekabrın 3-də belə bir araşdırma yayıb.
Araşdırma Ukraynanın slidstvo.info və Çexiyanın investigace.cz qurumları ilə birlikdə aparılıb.
Ukraynanın dördüncü böyük şəhəri Dneprdə bir internat məktəbindən yeniyetmələri Türkiyənin cənubundakı Antalya şəhərində otelə aparıblar. Qızlardan biri danışıb ki, ilk tapşırıqlarından biri sahili yosunlardan, hamam otaqlarını kifdən təmizləmək olub. OCCRP bunları yeddi uşaqla müsahibələr, eləcə də Ukraynanın özünün tərtib etdiyi konfidensial hesabata əsasən yazır.
Əvvəlcə yemək pis olmayıb, şərait sonradan pisləşib. Uşaqlar bəzən yeməyin içindən tük, qurd çıxdığını deyiblər. Kiflənmiş otaqlarda həddən çox uşaq yerləşdirilib. Onlara kameralar qarşısında oxumaq, oynamaq tapşırılıb. Sonra bu videolardan ianə yığmaq üçün istifadə olunub. Çəkilmək istəməyənləri cəzalandırıb, utandırıblar.
"Sizi yedizdirir, hər şeyin pulunu verir, hər yerə aparırlar. Siz isə çəkilmək istəmirsiz?", – bir qız onlara belə deyildiyini xatırladır.
İki yeniyetmə türkiyəli kişilərdən hamilə qalıb
Uşaqların tələsik evakuasiyasını Ukrayna hökuməti deyil, yerli multimilyoner biznesmen təşkil edib. Yerli qurumlar Ruslan Şostak adlı biznesmenə kimsəsiz uşaqların evakuasiyası üçün müraciət edib. O da tələm-tələsik Ruslan Şostak Xeyriyyə Fondu yaradıb. Dnepropetrovskda 10-dan çox internat məktəbi və kiçik qayğı mərkəzlərindən 3 min 500 uşaq və onların baxıcıları "Müharibəsiz uşaqlıq" devizi altında köçürülüb.
2024-cü ilin martında Ukrayna Ombudsman ofisi otellərin birində təftiş aparıb, oradakı şəraitlə bağlı hesabat hazırlayıb. Yüzlərlə uşağın sistematik olaraq fiziki şiddət gördüyü, adekvat tibbi yardım almadığı, hərdənbir onlayn dərslərə qatıldığı qeyd olunub. Hesabatda o da yazılıb ki, baxıcılar uşaqlara təzyiq göstərib, şəraitlə bağlı açıq danışmamağı tapşırıb.
Uşaqları ötən ilin sonunda Ukraynaya qaytarıblar. Onlardan ikisi daha öncə qaytarılmışdı, otelə girmiş türkiyəli kişilərdən hamilə qalıblarmış. Qızların yaşı, Türkiyə qanunvericiliyinə görə, cinsi əlaqəyə razılıq vermək həddinə çatmasa da, xeyriyyə fondu bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hüquq müdafiəçisi: "Ukraynalı uşaqları Çeşenistana aparıb öz ölkəsinə qarşı nifrət aşılayırlar"
"Çox uşaq bir yerdə olanda nələrsə baş verə bilər"
Şostak slidstvo.info-ya ikisaatlıq müsahibəsində uşaqlarla işini "vacib", "gərəkli" adlandırıb. Deyib ki, komandası ilə birlikdə çətin şəraitdə mümkün olan ən yaxşı işi gerçəkləşdirib. O, problemlərə görə məsuliyyəti baxıcıların, uşaqları müşayiət edən internat işçilərinin üzərinə yıxıb.
Şostak Ombudsmanın "Larissa" otelindəki şəraitlə bağlı hesabatını oxumadığını desə də, onun gəldiyi nəticələri "qüsurlu" adlandırıb.
"Uşaqları qorumaq üçün təhlükəsizlik sistemləri, dörd sərhəd qurmuşduq... Amma, görünür, çox uşaq bir yerdə olanda nələrsə baş verə bilər", – o deyib.
OCCRP bu hesabatın ictimaiyyətə açıqlanmadığını yazır. Sənəddə bir sıra tövsiyələr yer alıb – uşaqların daha yaxşı müəssisələrə yerləşdirilməsi, rəsmi təhqiqat aparılması kimi. Amma tövsiyələrə necə əməl olunduğu da bəlli deyil. Jurnalistlər Ukraynanın çoxsaylı hökumət orqanlarından suallarına cavab ala bilməyiblər.
Ombudsman aparatı da hesabatı şərh etməyib.
Türkiyə hökuməti dekabrın 1-də bildirib ki, ukraynalı qızların hamilə qalması barədə onlara rəsmi şikayət daxil olmayıb. Qısa açıqlamada deyilir ki, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi iddialardan daha sonra xəbər tutduqda kriminal şikayət verib, hüquqi prosedurlar başladıb. Amma şikayətin kimdən verildiyi, nəticəsi açıqlanmır.