Moskva Vilayət Məhkəməsi 34 yaşlı fizik Artyom Xoroşilova dövlətə xəyanət ittihamı ilə 21 il azadlıqdan məhrumetmə və 700 min rubl cərimə cəzası kəsib. O, cəzanın ilk 5 ilini həbsxanada, qalan müddəti isə ciddi rejimli koloniyada çəkəcək. Xəbəri "Mediazona" yayıb.
Fizikə dövlətə xəyanətlə yanaşı, kritik infrastruktur obyektinə hücum, diversiyaya hazırlıq və partlayıcı maddə hazırlama ittihamları da verilib. Xoroşilov Rusiya Elmlər Akademiyasının Ümumi Fizika İnstitutunun keçmiş elmi işçisidir.
İstintaqın versiyasına görə, o, təxminən 700 min rublu (9 min 80 dollar) Ukrayna fondlarına göndərib. Həmin fondlar Ukrayna Silahlı Qüvvələrinə də yardım edir. Bundan əlavə, 2022-ci ilin avqustunda Xoroşilovun bir neçə nəfərlə əlbir olaraq öz kompüterindən "Rusiya Poçtu"nun serverlərinə DDoS hücumu gerçəkləşdirdiyi, diversiya planlaşdırdığı iddia olunur. Onun evindən bəzi maddələr, "Arduino" aparat-proqram vasitələri, telefonunda isə hərbi hissə yaxınlığındakı dəmiryol xətlərinin fotoları aşkarlanıb.
Xoroşilov məhkəmədə Ukrayna fondlarına pul köçürdüyünü, zərərli bir proqramı endirib işə saldığını etiraf edib. Amma konkret serverə hücumda iştirakının sübuta yetirilmədiyini deyib. Evində tapılan maddələrə gəlincə, bildirib ki, onları istənilən mağazada əldə etmək mümkündür. Partlayış hazırlamaqla bağlı yazışmaları isə "emosional boşalma" kimi izah edib.
Onun həmkarı "T-invariant" nəşrinə bildirib ki, Xoroşilov infrastruktura hücum edə biləcək haker deyil: "Onun hakerliyi və infrastruktur hücumları barədə yazılanları oxuyanda gülürəm. Artyom kompüterlərdən nəsə anlayırdı, amma qətiyyən haker deyildi, proqramlaşdırmanı da çətinliklə bilirdi. Bu, tam bir absurddur".
Xoroşilov son sözündə deyib ki, Ukraynada çoxlu qohumları yaşayır, buna görə də müharibənin başlanması onun üçün "şəxsi faciə" olub. O, məhkəmədən xahiş edib ki, onu yalnız gerçəkdən etdiyi əməllərə görə mühakimə etsinlər.
"Birinci Bölmə" layihəsi bildirir ki, Ukraynaya qarşı genişmiqyaslı hücum başlayandan Rusiya məhkəmələri dövlətə xəyanət, casusluq və əcnəbilərlə məxfi əməkdaşlıq maddələri üzrə 774 nəfəri məhkum edib. Hüquq müdafiəçilərinə görə, müharibə dövründə bir iş üzrə dövlətə xəyanət və terror aktı maddələrinin birgə tətbiqi geniş yayılıb, 2023-cü ilə qədər belə hal olmayıb.