Ermənistan hökuməti Qarabağ sülh təkliflərini açıqlayıb

Xankəndi yaxınlığında "Biz və bizim dağlar" abidəsi

Dekabrın 2-də Ermənistan hökuməti Qarabağ münaqişəsinin həlli üzrə 2020-ci il müharibəsinədək verilən beynəlxalq təklifləri açıqlayıb. Bu, müxalifətin tələbi idi.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, baş nazir Nikol Paşinyanın 2019-cu ildə rədd etdiyi, Ermənistan üçün əlverişli sayılan təklif də açıqlanan sənədlər içindədir və müxalifət bunu baş nazirə qarşı ittihamlarına əlavə sübut sayır. Onlar Paşinyanın həmin razılaşmanı qəbul etmək əvəzinə fəlakətli müharibəyə yol açdığını iddia edirlər. Paşinyan isə deyir ki, ABŞ, Rusiya və Fransanın irəli sürdüyü bu və digər təkliflər Qarabağa Azərbaycan nəzarətini nəzərdə tutub.

Açıqlanan təkliflərin çoxu 2007-ci ildə ABŞ, Rusiya və Fransa vasitəçilərinin irəli sürdüyü, sonradan "Madrid prinsipləri" adlandırılan sənədlərə əsaslanır. Bu çərçivə sazişi layihəsi sonrakı 10 ildə dəfələrlə dəyişdirilib. Layihə Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu təsdiqləyir, eyni zamanda onların 1990-cı illərin əvvəlində Qarabağ ətrafında işğal olunmuş Azərbaycan rayonlarından çıxmasını tələb edirdi. Qarabağın statusu gələcək referendumda müəyyənləşdirilməli idi.

ATƏT-in Minsk qrupu həmsədrləri Paşinyanın hakimiyyətə gəlişindən bir il sonra, 2019-cu ildə tərəflərə həmin sülh razılaşmasının yenilənmiş versiyasını təqdim ediblər. "Azatutyun" yazır ki, baş nazir bunu dəfələrlə inkar etsə də, bu ilin fevralında etiraf edib. Paşinyan avqustda həmin planı rədd etdiyini də faktiki qəbul edib. O deyib ki, bu planın icrası Ermənistanın müstəqilliyini və dövlətçiliyini itirməsinə gətirib çıxaracaqdı.

Dekabrın 2-də sənədlər açıqlanandan sonra Paşinyanın ofisi izahat qeydi də yayıb. Bildirilir ki, "nəzərdə tutulan referendum Qarabağda deyil, Azərbaycanın bütün ərazisində keçirilməli idi".

2019-cu il planında "Dağlıq Qarabağ əhalisinin iradəsinin sərbəst ifadəsi"ndən bəhs olunur, onun nəticələrinin bütün tərəflər üçün hüquqi cəhətdən məcburi olacağı bildirilir.

"Bu sənəd qəbul olunsaydı, sülh olardı"

Ermənistanın üç keçmiş prezidenti – Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Koçaryanın rəhbərlik etdiyi müxalifət qrupları yayılmış sənədlərlə bağlı dərhal mövqelərini açıqlayıblar.

"Bütün bəyanatlarımız təsdiqləndi", – Ter-Petrosyanın Ermənistan Milli Konqresindən Levon Zurabyan belə deyib.

"Dərc edilən sənəd qəbul olunsaydı, sülh olardı, blokada qaldırılar, faktiki müstəqil Artsax (Qarabağ), Kəlbəcər və Laçına nəzarət əldə edilər, Artsaxın bütün perimetri boyunca beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilərdi", – o əlavə edib.

"Bu təklifi "Artsax Ermənistandır. Nöqtə!" deyib rədd etdiniz və biz müharibə qazandıq", – bunu isə Sarkisyanın Respublika Partiyasından Eduard Şarmazanov bildirib.

Erməni müxalifəti Paşinyanı 2020-ci il müharibəsində Ermənistanın məğlubiyyətinə görə ittiham edir. Paşinyan isə günahı Koçaryan və Sarkisyanın üzərinə atır.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Müharibədə Azərbaycandan 3 minə yaxın, Ermənistandan azı 3 min 800 hərbçisi həlak olub.

Tərəflər bu il avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıblar.