'Vaqner'in tərkibində Ukraynada döyüşmüş azərbaycanlıya həbs cəzası kəsilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna azərbaycanlı 'Vaqner'çilərin siyahısını Bakıya verib: Onları nə gözləyir?

Pul və Rusiya vətəndaşlığı qarşılığında "Vaqner" silahlı birləşməsinin tərkibində Ukraynaya qarşı döyüşlərdə iştirak etmiş azərbaycanlı İsmayıl Həsənov buna görə cəzalandırılıb. İ.Həsənova Cinayət Məcəlləsinin 279.1 (qanunda nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak) maddəsi ilə 3 il 6 ay həbs cəzası kəsilib. Ona noyabrın sonunda Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Tovuz rayon sakini olan 51 yaşlı İ.Həsənovu 2025-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Amma o, bundan öncə Rusiyada da həbsdə olub. Qəsdən adam öldürmə və başqa ittihamlarla orada ona 12 il həbs cəzası verilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Rusiyada həbs cəzasını çəkdiyi vaxt – 2022-ci ilin noyabrında cəzaçəkmə müəssisəsinə "Vaqner"in rəhbəri Yevgeni Priqojin gəlib. Priqojin həbsdən buraxılıb müharibəyə getmək istəyən məhbuslarla razılaşıb. Onların arasında Həsənov ilə yanaşı, 34 yaşlı Ramil Əliyev də olub.

Luqanskda xidmət edib

İ.Həsənov ilə razılaşma belə olub ki, o, cəzasının qalan hissəsini çəkməkdən azad edilir və 6 aylıq müharibəyə gedir, orada Ukraynaya qarşı döyüşlərdə iştirak edir. Bunun qarşılığında ona altı aydan sonra 911 min rubl (18 min manat-red.) pul və Rusiya vətəndaşlığı da vəd olunub. 2022-ci il noyabrın 25-də Rostov şəhərində "Vaqner" ilə yazılı müqavilə imzalayıb. Oradan da Ukraynanın Luqansk vilayətinə gedib.

İ.Həsənov bütün bunları təsdiqləyir. Ancaq deyir ki, heç vaxt Ukrayna hərbçiləri ilə üzbəüz döyüşlərdə olmayıb, evlərə, obyektlərə basqınlarda iştirak etməyib. Məhkəmədə dediyinə görə, əsas işi Rusiyanın ölən və yaralanan hərbçilərini döyüş bölgəsindən çıxarmaq olub.

Razılaşmadakı 6 aylıq müddət bitəndən sonra 2023-cü ilin mayında onu Rostov şəhəri ilə həmsərhəd əraziyə gətiriblər. Orada "Vaqner"in üzvləri müqavilədə göstərilən pulu ona verib. Həmçinin müharibədə iştirakına görə medal və fəxri fərman da təqdim olunub. Ardından Həsənov və onun kimi müqavilə əsasında döyüşmüş keçmiş məhkumlara içində Rusiya nömrəsi olan sadə mobil telefon verilib.

İ.Həsənov vurğulayıb ki, bir müddət sonra "Vaqner" rəhbərliyi ona zəng vurub, aylıq 25 min rubl qarşılığında Ukrayna, Mali və Suriyada muzdlu döyüşçü kimi iştirakı təklif edib: "Dedim ki, artıq muzdlu döyüşçü kimi heç bir ölkədə vuruşmaq niyyətim yoxdur".

Putin onu təltif edib

Müharibədən qayıdandan sonra İ.Həsənova, öncədən vəd olunduğu kimi, Rusiya vətəndaşlığı verilib. Üstəlik, Rusiya prezidenti Vladimir Putinin 23 aprel 2023-cü il tarixli fərmanı ilə "Şücaətə görə" medalı ilə təltif olunub.

İ.Həsənov əlavə edib ki, Rusiya-Ukrayna müharibəsində iştirakın cinayət məsuliyyəti yaratdığını bilmirdi: "Əməlimdən peşmanam".

Dediyinə görə, Rusiyada həbsdə olarkən 12 illik cəzasından qalan 3 il 6 ayı Azərbaycanda çəkmək üçün iki dəfə müraciət edib, lakin imtina cavabı alıb.

İ.Həsənovun üç azyaşlı övladı var və onların ən kiçiyi 2024-cü ildə dünyaya gəlib.

Bu ilin oktyabrında "Europol" "Vaqner" və "Redut" özəl hərbi şirkətlərinin döyüşçüsü olmaqda şübhəli bilinən azı 650 nəfərin kimliyini müəyyənləşdirdiyini bildirib. Onların arasında Azərbaycan vətəndaşları da olub.