ABŞ də BMT-nin Rusiyaya aparılan ukraynalı uşaqlarla bağlı qətnaməsini dəstəklədi

Nyu-York şəhərindəki BMT-nin mənzil-qərargahında Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyası

Dekabrın 3-də BMT Rusiyadan "zorla aparılan, yaxud deportasiya edilən ukraynalı uşaqların dərhal, təhlükəsiz və qeyd-şərtsiz" qaytarılması tələbi ilə qətnamə qəbul edib. ABŞ daxil 91 ölkə qətnaməni dəstəkləyib.

Rusiya və 11 ölkə qətnamənin əleyhinə səs verib, 57 ölkə bitərəf qalıb.

Azərbaycan səsvermədə iştirak etməyib. Qonşulardan Ermənistan, Türkiyə də eyni cür davranıb. Gürcüstan qətnamənin lehinə, İran əleyhinə səs verib.

Rusiya BMT Baş Assambleyası üzvlərini qətnaməyə qarşı çıxmağa çağırmışdı. Qətnamə layihəsini Ukrayna, Kanada və Avropa İttifaqı hazırlayıb.

"Qətnaməyə verilən hər bir səs yalanlara, müharibəyə və qarşıdurmaya dəstək deməkdir. Ona qarşı hər bir səs isə sülhə verilən səsdir", – Rusiyanın BMT-dəki səfirinin köməkçisi Mariya Zabolotskaya səsvermədən öncə Baş Assambleyada deyib.

BMT qətnamələri hüquqi öhdəlik qoymur, amma qlobal mövqeyi əks etdirir.

Rusiya 2022-ci il fevralın sonundan Ukraynaya qarşı tammiqyaslı işğala başlayıb. Kiyev Moskvanı on minlərlə ukraynalı uşağı Rusiyaya, yaxud Rusiyanın tutduğu ərazilərə zorla aparmaqda ittiham edir. Moskva isə zəif uşaqları müharibə zonasından çıxardığını, onları qoruduğunu bildirir.

ABŞ-nin Birinci ledisi Melaniya Tramp ukraynalı uşaqların repatriasiyasını prioritet elan edib. O, oktyabrda bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə açıq kommunikasiya qurub, bəzi uşaqlar ailələrinə qaytarılıb, bəziləri də tezliklə qaytarılacaq.

2023-cü ilin mayında Beynəlxalq Cinayət Məhkəməsi Putin barəsində həbs orderi çıxarıb, onu Ukraynadan yüzlərlə uşağı qanunsuz deportasiya etməklə hərbi cinayət törətməkdə ittiham edib. Rusiya bu addımı pisləyib.