Bruce Willis gününə 1 milyon dollar istədi...

-
Aktyor Bruce Willis Sylvester Stallone-nin məşhur layihəsi sayılan «Çılğınlar-3» («The Expendables 3» ) filmindən çıxıb.
 
The Hollywood Reporter-in yaydığı xəbərə görə, ulduz sənətçi alacağı qonorarı yetərli bilməyib.
 
Bruce Willis  ona təklif ediləndən 1 milyon dollar artıq istəyib.
 
Bolqarıstanda gerçəkləşəcək 4 çəkiliş gününə görə, ünlü aktyora 3 milyon təklif edilib. 
 
Amma o, hər çəkiliş gününə 1 milyon verməsələr, layihədən çıxacağını söyləyib.
Bruce Willis  və Stallone razılığa gəlmədiklərindən avqustun 6-da Willis-in indən belə filmdə oynamayacağı açıqlanıb.
 
Filmin baş rol ifaçısı və ssenaristi  Sylvester Stallone  Bruce Willis-in  filmdən getmə xəbərini öz Twitter səhifəsində yazıb.
 
 O, yazısına bu sözləri də artırıb: «Xəsislik və tənbəllik karyeranı itirmənin ən doğru düsturudur». 
 
Bruce Willis-in təmsilçiləri bu sözlərə heç bir şərh verməyiblər.
 
Daha sonra Stallone  yeni layihəyə Harrison Fordun da qatılacağını və filmin mütləq çəkiləcəyini də bildirib.
 
Rejissor Patrick Hewes-un çəkəcəyi döyüş filmində Arnold Schwarzenegger, Jason Statham, Mickey Rourke , Wesley Snipes, Jackie Chan, Nicolas Cage,  Mel Gibson, və s. ünlü aktyorlar rol alacaq.
 
Premyeranın 2014-cü ildə olacağı bildirilir.
 
Filmin büdcəsi 90 milyon dollardır.
 
«Çılğınlar» silsiləsinin  ilk filmi 2010-cu ildə ekrana çıxıb.
 
80 milyon dollara başa gələn 1-ci film 274 milyon dollar qazanc gətirib.
 
2012-ci ildə çəkilən ikinci film birincini üstələyib və qazanc  300 milyon dollara çatıb.
 
«Çılğınlar-2»-nin çəkilişlərinə  Sylvester Stallone, Bruce Willis, Arnold Schwarzenegger, Jean Claude Van Damm və Chuck Norris qatılmışdılar.